Ağcabədi rayonunun Sarıcalı kəndində uzun illərdir yaşanan problem həllini tapır. Yaşayış məntəqəsində inşa olunan müasir məktəb binası yaxın vaxtda müəllim və şagirdlərin ixtiyarına veriləcək.

Kənd sakini Əli Adilov deyir ki, 3 nəvəsi sözügedən məktəbdə təhsil alır: “Biri də hazırlığa gələcək. İnanın ki, soyuqda uşaqlar heç üst paltarlarını çıxarmırdılar. Yazı yaza bilmirdilər, işıq da bərbad vəziyyətdə idi. Müasir təlabata cavab vermirdi”.

Nəhayət, bu çətinlik geridə qalır. Şagirdlər təhsillərini yeni məktəb binasında davam etdirəcəklər.

Məktəbin direktoru Sevinc Məmmədovanın sözlərinə görə, əvvəlki şəraitsizlik şagirdlərin sayının azalmasına gətirib çıxarırdı: “Bu gün isə şagirdlərin oxumağa həvəsləri, dərsə davamiyyətləri olacaq. Hazırda 320 şagirdimiz və 30 nəfər pedoqoji kollektivimiz var”.

1936-cı ildə kərpicdən tikilən məktəbin yerində inşa olunan ikimərtəbəli, 5 korpuslu təhsil ocağı 360 şagird yerlikdir. Əsas tədris korpusunda 15 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları tikilib. Bundan əlavə, hərbi hazırlıq, informatika, əmək otaqları və tibb otağı da şagird və müəllimlərin istifadəsi üçün hazırlanıb. Yeni məktəbin akt zalı, yeməkxanası və idman zalı da var. 

1 hektara yaxın ərazidə inşa olunan tədris ocağının həyətində isə mini stadion qurulur. Bundan başqa, 2 yanğınsöndürmə su anbarı, içməli su anbarı, nasosxana, qazanxana tikilib, 1 artezian quyusu qazılıb. 

Hazırda tədris müəssisəsinin ibtidai siniflərinin şagirdləri Ağdam rayonu 22 saylı ümumi köçkün əsas məktəbində, yuxarı sinif şagirdləri isə Ağcabədi rayonunun Taynaq kənd tam orta məktəbində təhsillərini davam etdirirlər.

Pərviz İmranoğlu